e110365

Blog Haqqında

e110365

Axtarış

Açar sözlər

səyahət  ədəbiyyat  van-qoq  muzey  kitab  qahirə  misir  uşaq  amsterdam  paris  şəhər  qadın  sina  ətir  tullantı  elçibəy  istehlakçı-hüquqları  dövlətçilik  nil  müharibə  ann-frank  basqal  robespyer  orsi  ay  avropa  iskəndəriyyə  ekskursiya  rəssam  istanbul  mədəniyyət  sərçə  rəsm  aşura  carnavalet  nəsibə-hüseynova  şəki  rembrandt  bulud  bənəniyar  ekologiya  piramida  qogen  konstitusiya  şok-doktrinası 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 7585
Dünənki hit: 233
Bugünki hit: 320
Ümumi hit: 46421

Gülü

Noyabr 10, 2009 16:39 Yazar: e110365

Jalə üçün 

-Bacı, düşün! Çatdıq.

Gözlədiyi an olsa da diksindi. Yolun sonuna gəlmişdilər nəhayət. Yaxınlıqda kənd-filan gözə dəymirdi. Sual dolu baxışlarını sürücüyə zillədi. 

-Burdan o yana 1 km-ə yaxın piyada getməlisiniz. Bu təpənin arxasındadır X. kəndi.

Çantaların kiçiyini qızı, böyüyünü oğlu götürdü. Özü də qara çemodanın qulpundan yapışıb, uzaqlaşan mikroavtobusun qaldırdığı toz buludunu geridə qoyaraq təpəyə doğru yol almağa başladı. Yoxuşla çıxmaq çətin idi. Uşaqlar dinməz-söyləməz yanınca addımlayırdılar. Oğlu ağır çantaya ayağını dayaq eləmişdi. Gözləri doldu.

-Yoruldum, uşaqlar, dincələk azca...– dedi.  

Səsindəki titrəyişi hiss etdiklərini büruzə verməyən uşaqlar çantaların üstündə oturdular. Gözlərini yolun iki tərəfiylə uzanan, dəniz kimi dalğalanan yamyaşıl zəmiyə zillədi və ona elə gəldi ki, ciyərlərinə dolan hava da beləcə yaşıldır. Ayaqqabılarını çıxarıb əlinə keçirdi. Otluğun üzərində yalınayaq gəzişməyə başladı. Təpənin arxasında onu nəyin gözlədiyini bilmirdi. O hər nəyisə ertələməyə çalışaraq vaxt qazanırdı. Gəzişdikcə qəlbini bürüyən narahatlıq, bədənindəki əzginlik otlara çökdü deyəsən. Rahatlaşdı. Gözlərini əzilmiş otlardan çəkmədən ayaqqabılarını geyindi və əmin addımlarla uşaqlara yaxınlaşıb:

-Gedək!-dedi.

Ayaqlar (Vinsent van Qoq)

Rəssam: Vinsent Van Qoq

 

Səssizcə təpəni aşdılar. Kənd qəbiristandan başlayırdı. Meyvə ağaclarının arasından boylanan, həyətlərində toyuq-cücələrin eşələndiyi və damlarının divarlarına və...qəbirlərin üstünə təzək yapılmış baxımsız evlərin sırasında ağ rəngli bina göbələk kimi şişmandı. İnzibatiliyini şişmanlığından başqa həyətində ucalan şam ağacları da ələ verirdi.


Yaşamağa və işləməyə seçdiyi yer buraydı. I Qarabağ Müharibəsinə qədər ermənilər məskunlaşmışdı burda. Üstündə təzəklərin qurudulduğu qəbirlər də onlara aiddi. İndi isə Ermənistandan qaçqın, Qarabağdan, Laçından, Kəlbəcərdən köçkün düşənlər, Özbəkistandan didərgin edilmiş mesxeti türkləri, Gürcüstanda özünə dolanacaq qura bilməyənlər və ölkənin hər yerində olduğu kimi burada da mülk salmış şəhərli, mövsümlük sakinlər özlərinə yurd etmişdilər. O da daha rahat uyğunlaşacağını düşündüyü üçün təyinatını bura istəmişdi. Onu burada axtarmaq heç kəsin ağlına gəlməyəcəkdi. 

İcra hakimiyyətinin nümayəndəsi ona xoş gəldin edib, yaşayacağı evə apardı. Uzaq deyilmiş. Rəngi tamamilə solmuş taxta darvazadan içəri keçib, 1-mərtəbəli kürsülü evin önündə dayandılar. Evin ön tərəfi aynabəndlə bağlanmışdı. Pəncərə şüşələrini silməyə nə qədər vaxt sərf edəcəyini düşünərək üzünü turşutdu. Ev işləriylə arası yox idi. Taxta qapının qıfılını açıb içəri daxil oldular. Aynabəndin sol küncündə iki dəmir çarpayı vardı. Üstündə nimdaş örtüklər. Sağ küncdə pas atmış “Dnepr” soyuducu, yanında mətbəx stolu, üstündə qab-qacaq. Birbirindən fərqli, solğun pərdələr. Aynabənddən üç qapı açılırdı. Birinci, döşəməsinə linoleum döşənmiş, divarları çat, bir pəncərəsi olan balaca otaqdı. Qaz sobası, iri alüminuim vedrələr, mis qazanlar, küncdə içinə hər cür əşya yığılmış uşaq beşiyi. Növbəti otağa keçdilər. Pəncərəsi yoxdu. Rütubətdən hiss etdi ki, döşəməsi torpaqdır. Anbardı...Sonuncu otağa keçdilər. Ensiz qapının hər iki tayını açmaq lazım gəldi. Burada iki ensiz pəncərə bağçaya açılırdı. Divardakı çatların və camaxatanların önünə örtüklər tutulmuşdu. Bu otaqda da iki dəmir çarpayı, bir taxt, miz və odun sobası vardı. Hiss olunurdu ki, bu evin uzun illər boyu daimi sakinləri siçanlar və hörümçəklər olub. Pəncərələri taybatay açanda alma ağacının meyvələrdən ağırlaşmış budağı içəri təpdi. Uşaqlara baxıb gülümsədi: 

-Siz bağı gəzin. Mən bir məktəbə də baxım. 

Məktəbə kəsə yol varmış. Bağların arasıyla uzanan ensiz dərədəki cığırla irəliləyən icra nümayəndəsinin arxasınca torpaq kənd yoluna çıxdı. Bu kənd qəbiristanda başlayıb məktəbdə bitirdi. Məktəblə üzbəüz kilsənin yanında ayaq saxladı. Kilsənin nə qapısı vardı, nə pəncərəsi. Daha doğrusu, sökülənədək varmış. Yaxınlaşıb içinə baxmaq istədi. İçəridə Günəşin qovurucu şüalarından Allahın evinə pənah gətirmiş inəklər ən ciddi işləri olan gövşəməklə məşğul idilər. Allah evinin təmizliyi onları narahat etmədiyi üçün hər tərəfdən peyin qoxusu gəlirdi. İçəri keçmədi. İcra nümayəndəsi:

-Mədəniyyət Nazirliyindən gəlmişdilər. Siyahıya salıblar. Təmir edəcəklər. Alban kilsəsi olacaq! - dedi.

Dinmədi.

Yay tətili olduğu üçün məktəb bağlı idi. Yeni Fizika müəllimini qapıçıya təqdim edən icra nümayəndəsi qapıları onun üzünə açdırdı. Qışda odun sobasıyla isidilən on kiçik sinif otağından və bir müəllimlər otağından ibarət köhnə birmərtəbəli binaydı məktəb. Fizika laboratoriyasıyla maraqlandı. Yoxmuş. Ümumiyyətlə, bu məktəbdə ondan əvvəl Fizika müəllimi işləməyibmiş. Bu məktəbin ali təhsil alan bir məzunu da olmayıbmış.

Məktəbdən çıxdılar. Günəş təpənin arxasına doğru yol almaqda, inəklər yelinlərini əsdirərək məmnun-məmnun kilsədən ayrılmaqdaydılar. Təpədəki köhnə evin arxasına çatan Günəş onu qırmızıya boyamışdı. Qadın o evdə yaşayan və bu an öz pəncərəsindən onu seyr etməkdə olan rəssamın onun həyatını da qırmızıya boyayacağından xəbərsizdi. I Qarabağ Müharibəsində minaya düşərək sağ qolunu itirən gənc rəssam bu evdə təkbaşına yaşayırdı. Kənd kitabxanasında işləyən gözəl Y.-ə aşiq olub, evlənmişdi, amma birlikdə heç bir gün də yaşamamışdılar. Toy gecəsi onun bakirə olmadığını anlayınca səhər açılmadan atasının evinə qaytarmışdı. Neçənci aldanış, neçənci məğlubiyyətdi...

Qadın bunlardan xəbərsiz, yeni həyatının başladığından əmin addımlarla yeni evinə qayıdırdı.

Qeyd:

Yazı Jalənin "Ödəmə"sinin (Bax: http://www.jale.azeriblog.com/2009/04/01/odeme) davamı kimi qəbul edilməlidir.



Üfüqi nağıllar | Şərhlər(8) | 184 baxış


1
3P yazıb:

Excellent!

Noyabr 10, 2009 17:00

2
R yazıb:

Qrmızı - əla rəngdir.
iŞIQ ÜÇÜN SAĞ OL, E!

Noyabr 10, 2009 17:06

3
J. yazıb:

Gerisini Rəbiqə yazsınmı?

Noyabr 10, 2009 17:59

4
e110365 yazıb:

Mən belə oynamıram!!!

Bu nə şərhlərdir yazırsınız?!! (Ah, AmonRa, ah, Arami...Ah...)

Nə isə...Sabahınız xeyir!

Noyabr 11, 2009 10:24

5
R. yazıb:

Oynamalısan...
Davam et, E... məni bu dəqiqə yalnız süjet maraqlandırır deyə başqa heç nə deyə bilirəm...

Noyabr 11, 2009 15:00

6
F.N. yazıb:

Yazı qəribə təsirli idi. Bir qədər İlyas Əfənfiyevin sovet hakimiyyətinin təblliğinə aid olan əsərlərini, bir qədər çar dövrünün sonunda, azərbaycanlıların elmlə yeni tanış olduğu vaxtlara aid əsərləri xatırlatdı. Maraqlı idi.

Noyabr 14, 2009 20:06

7
arami yazıb:

Belä yazilara ädäbi etüd da deyirlär.

Ashaghidaki yazida Avropada yashayan musalman ailalardan chixmish ganc qizlarin problemlarindan bahs olunur. Darsdan alava qiraat uchun.
http://www.reuters.com/article/wtMostRead/idUSL2532025120070430?pageNumber=2&sp=true

Noyabr 14, 2009 20:53

8
e110365 yazıb:

Salam, uşaqlar!

R., davamını Jalə yazacaqdı. Sənin namizədliyini irəli sürdüyünə görə bunu etməyəcək. Məndənsə bu qədər.

F.N., ilk dəfə görürəm Sizi deyəsən. Xoş gəlmisiniz.
Açığı, artıq mövcud olan nəyisə xatırlatdığıma məyus oldum. Maraqlı olduğuna dair qeydiniz təsəllim oldu. Təşəkkür edirəm münasibətiniz üçün.

Arami,
...

Noyabr 16, 2009 17:17

Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha