Oktyabr 16, 2009 17:08 Yazar: e110365
Müstəqil Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun 12 may, 2008-ci ildə verdiyi müsahibə

Bu gün Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 70 yaşı tamam olur
A. M. Biz 1992-ci ilin may ayında məcburiyyət qarşısında qalaraq Moskvaya gəldik. Onda burada mənzilimiz yox idi. 1995-ci ilin may ayına kimi 8 nəfərlik ailəmlə müxtəlif mənzillərdə qalası oldum. Biz başqa azərbaycanlılardan fərqlənmirdik. Dostlarımızın evində, ya da ki mənzili icarəyə götürüb qalırdıq. Mənə məsləhət gördülər ki, o zaman baş nazir olan Çernomırdinə məktub yazım. Ərizəmi alandan sonra qərara gəldilər ki, mənə Moskvanın kənarında bir mənzil versinlər. 22 mərtəbəli beton binanın 3-cü mərtəbəsində idi. Qaldığım mənzil də, içindəkilər də Rusiya hökumətinin balansındadır. Mən bir daha yazıb xahiş etdim ki, bizi bu mənzilə qeydiyyata salsınlar ki, dəqiqəbaşı saxlayıb kimlik sənədi istəməsinlər. Mən onlara dedim ki, Bakıya qayıdandan sonra həm sənədləri, həm də evlə birgə bütün əşyaları qaytaracağam.
- Ayaz müəllim, artıq 16 ildir ki, Rusiyadasız. Sizə ölkə vətəndaşlığı da düşür. Siz bu vətəndaşlığı qəbul etmisiz?
A. M. Xeyr. Mənim heç ağlıma gəlməyib ki, Rusiyanın vətəndaşlığını qəbul edim. Bəlkə də Azərbaycanın ilk prezidenti olmasa idim, müraciət edərdim. Çünki 16 il ərzində bu iztirablara dözməyə insanda iradə lazımdır. Mən siyasi sığınacaq xahiş etmişdim.
- Ölkədən kənara çıxmaq üçün sizə sənəd lazımdır. Sizə Azərbaycan pasportu verilibmi?
A. M. Mənim əlimdəki sənədlə Rusiyanın istənilən şəhərinə və vilayətinə getməyə ixtiyarım var. Xaricə getmək imkanım da var. Buna 2006-cı ildə nail olmuşam. Beynəlxalq tipli səyahət sənədim var.
- Bəs Azərbaycan pasportu üçün Azərbaycanın Moskvadakı səfirliyinə müraciət etmisiz?
A.M. Mən müraciət etmişəm. Amma xahişlərim cavabsız qalıb.
- Ayaz müəllim, rahat həyata alışmaq asandır. Çətin həyata uyuşmaq çətindir. Siz Azərbaycanda yüksək vəzifələrdə işləmisiz. Siz və ailəniz belə həyata necə öyrəşdilər?
A.M. İndi də elələri var ki, mən prezident olduğum müddətdə xalqın cibinə əl atmadığıma, rüsvət almadığıma, torpaqları satmadığıma inanmır. Mən maaşla dolanan bir insan olmuşam. Bu möcüzədir və buna heç kim inanmır. Heç kim deyə bilməz ki, mən Ayaz Mütəllibova nə isə vermişəm.
- Siz geriyə baxanda, bax, bunu başqa cür edərdim deyə fikirləşirsizmi?
A. M. Mənə bu 16 il ərzində olmayan işgəncələr veriblər. Mənim axtarışımı elan ediblər. Siz bu yüklə yaşamağın necə çətin olduğunu bilirsiz? Çox böyük incikliyim var. Vətənimdə də qoymadılar yaşamağa.
- Ayaz müəllim, bəs siz özünüzdə müəyyən qüsurlar görürsünüzmü?
A. M. Xeyr, görmürəm. Mən insanpərvər adam olmuşam. Mən prezident seçiləndə dedim ki, bu etimadı doğrultmalıyam. Mənim ailəm, nə bacım, nə qardaşım mənim vəzifəmin xeyrini görmədilər. Mən onları da yaxın buraxmırdım. Fikirləşirdim ki, ayıbdır. Ölkə başçısı hamıya bir ata kimi baxmalıdır. Ayrıseçkilik olmaz.
- Prezident olduğunuz iki il ərzində hansısa addımı başqa cür atardınızmı?
A. M. Mən təsəvvür edə bilməzdim ki, o vaxtı siyasi səhnəyə atılmış müxalif siyasətçilər mənə qarşı belə amansız ola bilərdilər. Görəsən, bununla o müxalifətçi siyasətçilər nə isə qazandılarmı?
- Siz indiki Azərbaycanda özünüzü necə görürsüz?
A. M. İndiki Azərbaycanda mən özümü bir vətəndaş kimi görürəm. Azərbaycanın Konstitusiyasında yazılıb ki, heç kimi başqasının vətəndaşlığını zorla əlindən almaq icazəsi yoxdur. Mənim vətəndaşlığımı isə zorla alıblar. Mən heç bir şərt qoymuram. Vətənə qayıtmaq istəyirəm.
- Bəs hakimiyyət nümayəndələrinə müraciət etmisiz?
A. M. Mən yazmışam da, xahiş də etmişəm ki, mənim pasportumu versinlər. Vermirlər və deyirlər ki, qoy qayıdıb gəlsin Bakıya. Mənim dediyim nədir ki, pasport versinlər, biletimi alıb gəlim.
- Sizin üçün bu yubileyə ən yaxşı hədiyyə nə olardı?
A. M. Mənim üçün ən yaxşı hədiyyə o olardı ki, məni yada salsınlar. İki dəqiqə olsa da, ekrandan desinlər ki, bu gün Azərbaycanın ilk prezidentinin 70 yaşı tamam olur. Mənim nə 50 illiyim, nə də ki, 60 illiyim qeyd olunub. Heç 70 illiyimi də istəmirəm ki, qeyd etsinlər. Amma bir cümlə ilə desinlər ki, Azərbaycanın ilk prezidenti var və onun ad günüdür. Mənə artır bir şey lazım deyil. Onsuz da tarix öz sözünü deyəcək. //BBC
Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | | 158 baxış
Bayramınız mübarək, mənim əziz və müstəqil dostlarım! (kədərlə gülümsəyir)
Hələlik!
Oktyabr 16, 2009 17:28